Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

HPV-nın Diaqnostikası və Müalicəsi

HPV-nın Diaqnostikası və Müalicəsi

HPV mövzusunu davam etdiririk.  Bu dəfə virusun diaqnostikası və müalicəsi barədə danışacam (#HPVhaqqında daha geniş məlumat öncəki paylaşımlarda). Öncə qeyd edim ki, HPV-nin təhrik etdiyi xərçəng növləri adətən böyümənin axır mərhələlərinə qədər özünü biruzə vermir. Ona görə də virusla mübarizəyə profilaktik tədbirlər şəklində başlamaq lazımdır.

İlkin profilaktik tədbir kimi virusun təhlükəli tiplərinə qarşı 10 yaşdan yuxarı qızlara Cervarix vaksini təyin edilir. Bundan əlavə, erkən yaşlardan həm oğlanlara, həm də qızlara cinsi tərbiyyə mövzusunda maarifləndirici işlər aparılır.  

Problemlə ikinci profilaktik mübarizə üsulu mütəmadi skrininqlərin həyata keçirilməsidir. HPV skrininqinin iki əsas üsulu vardır. Bu, Pap və HPV genotipləmə (DNA) testləridir. Cinsi həyata başlamış 25-69 yaşlı bütün qadınlar hər 2 ildən bir bu yoxlanışlardan keçməlidir. Pap test uşaqlıqda anomal toxumaların aşkarlanmasına yardım edir. Bu test uşaqlıq boynu xərçənginin və ya HPV ilə əlaqəli digər problemlər haqda xəbər verə bilir. HPV genotipləmə testi isə artıq virus təsdiqləndikdən sonra HPV-nin tipini müəyyən etmək üçün təyin edilir. Təəssüf ki, HPV virusunun tamamilə müalicəsi hələlik tibbə məlum deyil. Ola bilər ki, immunitet özü bu problemlə mübarizə aparsın və o, insan orqanizmində yatmış şəkildə illərlə yaşasın. Lakin ola bilər ki, əksinə, zəif immunitet virusu bədəndə müxtəlif ziyillər, törəmələr şəklində biruzə versin.

Virusun özünü tam müalicə etmək mümkün olmasa da, onun törətdiyi problemlərlə mübarizə aparmaq mümkündür. Məsələn, genital bölgələrdə artıq mövcud ziyillərlə mübarizə zamanı adətən müxtəlif dərman vasitələri, yandırılma (elektrokoaqulyasiya) və ya dondurulma (kriodestruksiya) üsullarından istifadə olunur. Qeyd edim ki, mümkündür ki, ziyillər bir müddət sonra yenidən yaransın. Lakin bu ziyilləri mütəmadi aradan qaldırmaq tövsiyə olunur. Çünki paralel müşahidə olunan vaginal infeksiyalar bu ziyillərin də artmasına və böyüməsinə, bunun isə arzuolunmaz xəstəliklərlə nəticələnməsinə gətirib çıxara bilər.
Ümumiyyətlə, mütəmadi yoxlanışdan keçmə xəstəliyi vaxtında aşkarlama və müdaxiləsinə yardımçı ola, sağalma şansını artıra bilər.
Unutmayın ki, sağlamlığınız sizin əlinizdədir.

Dr. Rəxşəndə Aslanova

Tibb üzrə fəlsəfə doktoru